XƏBƏRLƏR
MƏLUMAT
İsmayıl bəy Qutqaşınlının anadan olmasının 215 illiyi ilə əlaqədar videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
27/01/2021 01:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı İsmayıl bəy Qutqaşınlının  anadan olmasının 215  illiyi ilə əlaqədar videoçarx hazırlayıb.

İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə keçmiş Qutqaşın mahalında anadan olub. O, uşaqlıq və gənclik illərində dini təhsil alıb, ərəb və fars dillərini öyrənib, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olub.

İsmayıl bəy Qutqaşınlı həm böyük naşir, həm müəllim, həm də səyyah idi. Ədəbiyyatımızda maarifçilik görüşlərini təbliğ edən ilk yazıçılardan sayılan İsmayıl bəy Qutqaşınlı bütün ömrü boyu doğma xalqının səadəti, maarifləndirilməsi və mədəni  yüksəlişi uğrunda çarpışıb. 41 yaşında general-mayor rütbəsinə yüksəlmiş İsmayıl bəy Qutqaşınlı bu adı almış ilk azərbaycanlılardandır. O, Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Onun yaradıcılığının şah əsəri "Rəşid bəy və Səadət xanım" əsəridir. İsmayıl bəy Qutqaşınlı bu əsəri 1835-ci ildə Polşada hərbi qulluqda olarkən fransız dilində yazaraq, Varşavada çap etdirib və bununla realist Azərbaycan nəsrinin bünövrəsini qoyub. Ədəbiyyatımıza İsmayıl bəy Qutqaşınlı adı ilə öz möhürünü vurmuş yazıçı bəzən "Miskin" təxəllüsü ilə şeirlər də yazıb. Təəsüf ki, onun əlyazmaları 1830-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb.

Dövrünün müəyyən təzadlı münasibətlərinə düçar olmuş, ancaq millətinin, xalqının işıqlı gələcəyi üçün sözün həqiqi mənasında vətəndaş ömrü yaşamış İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı, əsərləri latın qrafikası ilə işıq üzü görüb.

Ədib 25 il hərbi xidmətdə olub, əsasən rus dilində danışsa da, öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini qoruyub saxlayıb.

İsmayıl bəy Qutqaşınlı 1869-cu ildə Qutqaşında vəfat edib.

İsmayıl bəy Qutqaşınlının adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin və Bakının Yasamal rayonundakı mərkəzi küçələrinin birinə İsmayıl bəy Qutqaşınlının adı verilib. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılıb, xatirə ev-muzeyi yaradılıb.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CKhYm3ADjcI/?igshid=67ahe6e7756

Baxış sayı: 386