XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2022 07:59

Noyabrın 3-də Bakı Şəhər Şəhər Mədəniyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Xalq artisti Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunmuş konsert təqdim edib.

Konsertdə Baş İdarənin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

İlk öncə Xalq artistinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra tədbirin aparıcısı Səmray Əliyeva qeyd edib ki, Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin özünəməxsus yeri var. Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Onun ürək açan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur.

Daha sonra görkəmli bəstəkarın adını daşıyan 12 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə müxtəlif musiqi alətlərində Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaqdır.

Baxış sayı: 177