XƏBƏRLƏR
MƏLUMAT
Eyni gündə şəhid olmuş İman və Bəhram qardaşlarının adları dünya sularında
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2022 06:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Fəxri oxucusu Nəsibə İsrafilqızı “Palmali” Şirkətlər Qrupunun Qarabağ müharibəsində eyni gündə şəhid olmuş İman və Bəhram Məmmədzadə qardaşlarının adlarını daşıyan yük gəmisinin Yalovadakı Aykın Gəmiqayırma Zavodunda suya buraxılması hadisəsindən təsirlənərək yazdığı şeiri kitabxanaya təqdim edib.

Qeyd edək ki, Vətən uğrunda eyni gündə şəhid olan iki qardaş–İman və Bəhram Məmmədzadələr 44 günlük İkinci Qarabağ müharibəsində igidlikləri ilə seçiliblər. Qardaşlar hərbi xidmətə eyni gündə yola salınıb, eyni hərbi hissədə xidmət ediblər və eyni gündə də qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıblar.

Qardaşlar noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən qızğın döyüşlərdə şəhid olublar. Şəhid qardaşlar İman və Bəhram "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər.

Bildirilib ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holdinq” İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, şirkətə məxsus gəmilərin adları dəyişdirilərək Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları verilir. Məqsəd Azərbaycan şəhidlərinin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib və “General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb.

Şeir kitabxananın sosial media hesabları üzərindən paylaşılıb.

Baxış sayı: 243