XƏBƏRLƏR
MƏLUMAT
Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Sənətinin vurğunu" adlı xatirə tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2019 06:19

Dekabrın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və "Mirvarid Dilbazi Məclisi"nin təşkilatçılığı ilə Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Sənətinin vurğunu" adlı xatirə tədbiri keçirilib.

Əvvəlcə Əminə Dilbazinin ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Əminə Dilbazinin Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətləri, uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirdiyi, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırdığı vurğulanıb. Əminə Dilbaziyə həsr olunmuş "Sənətinin vurğunu" adlı xatirə tədbirində "Mirvarid Dilbazi Məclisi"nin sədri, şair-publisist Güllü Tomarlı, Filologiya üzrə fəlsəfə doktoru, Əminə Dilbazi kitabının müəllifi Fəridə Ləman, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Dilguşə Gülümcan və 173 saylı tam orta məktəbin müəllim və şagird heyəti iştirak edib.

Tədbirdə "Mirvarid Dilbazi Məclisi"nin nümayəndələri Əminə Dilbazinin ömür yolundan və sənət dünyasından geniş söz açaraq qeyd ediblər ki, o, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olub, "Leyli və Məcnun" operasında, "Arşın mal alan", "O olmasın, bu olsun" komediyaları və eləcə də başqa əsərlərdə rəqslərə quruluş verib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti olan Əminə xanım 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib, 1967-ci ildə isə "Sevinc" qızlar ansamblını yaradıb. Repertuarına rus, ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri ilə xüsusilə məşhurdur. Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Sənətinin vurğunu" adlı xatirə tədbiri Mədəniyyət Mərkəzinin "Könül" Xalq rəqs ansamblının üzvlərinin ifasında "Dərbəndi", "Naz eləmə", "Tərəkəmə" rəqsləri ilə davam edib.

 Mədəniyyət Mərkəzinin Xalq kollektivlərinin üzvləri - Elşən Osmanov, Günay Oruc və Qadir Fətəliyevin ifasında səslənən nəğmələrlə Əminə Dilbazi xatirəsinə həsr olunmuş tədbir sona çatıb.

Baxış sayı: 6898