XƏBƏRLƏR
MƏLUMAT
Dramaturq, şair Nəbi Xəzrinin seçilmiş əsərləri haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
07/02/2022 02:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Xidmət şöbəsinin müdiri Y.Babayeva dramaturq, şair Nəbi Xəzrinin seçilmiş əsərləri haqqında videoçarx hazırlayıb.

Videoçarxda bildirilib ki, Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri Xırdalan kəndində tacir ailəsində anadan olub. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak edib, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürüb. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olub. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.

Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilib.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də kəskin işemik insultdan vəfat edib və 16 yanvar tarixində Birinci  Fəxri Xiyabanda dəfn edilib.

Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:

https://www.facebook.com/nizami.mks/

https://www.facebook.com/nizami.mks/

Baxış sayı: 472