XƏBƏRLƏR
MƏLUMAT
Dahi Avstriya bəstəkarı və pianoçu Karl Çerni
ÜMÜMİ XƏBƏRLƏR
21/02/2022 00:33

Milliyyətcə çex olan tanınmış Avstriya bəstəkarı və ifaçısı Karl Çerni 21 fevral 1791-ci ildə anadan olub. O pianoçu və pedaqoq Ventsel (Vatslav) Çerninin (1750-1832) oğludur. Karl fortepianoda ifa etməyi Lüdviq van Bethovendən öyrənib (1800-03). 9 yaşından çıxışlara başlayıb. Çerninin ifaçı kimi yetişməsində İ.N.Hummelin, müəllim kimi uğurunda isə M.Klementinin böyük təsiri olub. Leyptsiq (1836), Paris və London (1837), həmçinin Odessaya (1846) qısa müddətli konsert səfərləri istisna olmaqla qalan vaxtını Vyanada işləməklə keçirib. Çerni XIX əsrin 1-ci yarısında ən möhtəşəm piano məktəblərindən birini yaradıb. Onun şagirdləri arasında F.Listin, S.Talberqin, T.Dölerin, T.Kullakın, T.Leşetitskinin adını çəkmək olar.

Müxtəlif janrlarda, müxtəlif tərkibli ifaçılar üçün çoxsaylı əsərlərin müəllifidir, buların arasında dini (24 messa, 4 rekviyem, 300 qradual, offertoriya və s.), orkestr üçün, kamera-instrumental ansambllar üçün, xor, bir və bir neçə səsli mahnılar və dramatik teatr ramaşaları üçün musiqi nömrələrini qeyd etmək olar. Çerninin fortepiano üçün yazdığı ən məşhur əsərlərinin bəzilərində çex xalq melodiyalarından da istifadə olunub: “Orijinal çex mövzusunda variasiyalar” (“Variations sur un theme original de Boheme”), “Variasiyalı çex xalq mahnısı” (“Buhmisches Volkslied mit Variationen”). Çerninin əsərlərinin əksəriyyəti əlyazması şəklində qalıb və Vyanada “Musiqi dostları Cəmiyyəti”nun arxivində saxlanılır.

Çerninin fortepiano üzrə təlimatlandırıcı pedaqoji ədəbiyyata töhfəsi misilsizdir. Ona məxsus müxtəlif çətinlik dərəcəsi olan, fortepiano ifasında fərqli ifa tərzlərinə sistemli vərdişləri aşılayan, barmaqların möhkəmlənməsi və itiliyini təmin edən çoxsaylı etüd və tapşırıqlar əsasında toplular, məktəblər təşkil edilib. Onun “Böyük fortepiano məktəbi” toplusunda 500-ə yaxın qiymətli metodiki göstərişlər, köhnə və yeni fortepiano əsərlərinin – “Die Kunst des Vortrags der дlteren und neueren Klavierkompositionen” - ifa məsələlərinə həsr olunmuş geniş əlavələr yer alıb (təxminən 1846).

Çerni həmçinin bir çox fortepiano əsərlərinin redaktəsini həyata keçirib, bunların icərisində İ.S.Baxın klavirini və C.Skarlattinin sonatalarını, eyni zamanda opera, oratoriya, simfoniya və uvertüraların 2-4 əllə ifası və 2 fortepianoda 8 əllə ifası üçün fortepianı işləmələri də bəstəkarın zəhmətinin bəhrəsidir. Onun 1000-dən artıq əsəri nəşr olunub.

Dahi bəstəkar 15 iyul 1857-ci ildə Vyanada vəfat edib.

2021-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi dahi bəstəkarın 230 illiyi münasibətilə onlayn konsert keçirib. 


Baxış sayı: 3080