XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Sədayə Mustafayevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2022 00:45

Sədayə Mustafayeva 15 iyul 1926-cı ildə Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra İkinci Dünya müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb.

Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar yaradan Xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib.

1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi işə başlayıb. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar yaradıb. "Vaqif"də Xuraman, Gülnar, "Aydın"da Gültəkin, "Pəri Cadu"da Pəri, "Solğun çiçəklər"də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qızı"nda Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisalar məhz S.Mustafayeva məktəbinin yetirməsidir.

Xalq artisti S.Mustafayeva həmçinin “Azərbaycanfilm”in istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafçılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filmləri misal göstərmək olar.

1958-ci ildə “Əməkdar artist”, 1981-ci ildə isə “Xalq artisti” fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb.

Sədayə Mustafayeva 13 avqust 2004-cü ildə Gəncə şəhərində vəfat edib.

Baxış sayı: 145