XƏBƏRLƏR
MƏLUMAT
Bu gün qəzəlxan, şair Əliağa Vahidin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/02/2023 00:30

Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq, xarratlıq edib.

Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib. Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edən şairin "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub. Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və digər şeirlər yazaraq, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib.

Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edir.

Əliağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Baxış sayı: 1093