XƏBƏRLƏR
MƏLUMAT
Bu gün nəğmələri dillər əzbəri olan Ələkbər Tağıyevin 96 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2020 11:51

Dövrünün tanınmış hüquqşünaslarından biri, eyni zamanda nəğmələri dillər əzbəri olan Ələkbər Tağıyev  28 aprel 1924-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İlk təhsilini Gəncədə alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb.

O, prokurorluq orqanlarında 1974-cü ilə qədər, yəni təxminən 36 ilə yaxın bir müddətdə çalışıb. Ona tapşırılan bütün vəzifələrdə yüksək səriştə, dəqiqlik və obyektivlik nümayiş etdirən Ələkbər Tağıyev rəhbərlik, iş yoldaşları ilə yanaşı, sadə insanların da hörmətini, etimadını qazanıb. Bunun da nəticəsində, o, prokurorluq orqanlarında işlədiyi müddət ərzində SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunub.

1950-ci ildə ailə həyatı qurub və Gəncədə yaşayıb. Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısını - "Qonşu qız"ı Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. "Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırıb və onları yaradıcılığa ruhlandırıb.

Mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Flora Kərimova ("Arzular", "Bənövşə", "Tbilisi", "Sənin gülüşlərin"), Gülağa Məmmədov, Nisə Qasımova ilə əməkdaşlıq edib. Flora Kərimovanın və Gülağa Məmmədovun "Arzular" dueti dövrünün ən sevilən əsərlərindən olub.

Ötən əsrin 70-ci illərində Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", " Sənsən həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" və yaradıcılığında xüsusi yer tutan "Azərbaycan qızıyam" mahnılarını ifa edib. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırıb. Elə həmin illərdə Nisə Qasımova Moskvada Ələkbər Tağıyevin mahnılarından ibarət albomu lentə aldırıb.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olub, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirib, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilib.

Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ("Arzu qızım", "Leyla" və s.) mahnılar yazıb.

Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə türk, rus və digər millətlərdən olan müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub.

Baxış sayı: 317