XƏBƏRLƏR
MƏLUMAT
Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2025 09:20

“Rotunda Roof Garden”də “IV Baku Piano Festival” çərçivəsində Avstriyanın “Simon Raab Jazz trio”nun iştirakı ilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Saymon Raab (fortepiano), Martin Kocian (kontrabas), Miçat Virzgon (zərb alətləri) çıxış ediblər.

Saymon Raab musiqiyə ekspressiv, eksperimental və çoxjanrlı yanaşması ilə tanınan avstriyalı caz pianoçu və bəstəkardır. Pianoçu ənənəvi cazı müasir harmoniyalarla birləşdirir. Musiqiçi bir sıra nüfuzlu mükafatlara, o cümlədən "Austrian Newcomer Award” mükafatına layiq görülüb. O, məşhur festivallarda, o cümlədən “Jazzpianofestival Kalisz” və “Akbank Jazz Festival”da iştirak edib.

Avstriyadan olan artistlər AZƏRTAC -ın müxbirinə müsahibəsində “Baku Piano Festival 2025”də iştirakla bağlı təəssüratlarını bölüşüblər.

“Azərbaycanda ilk dəfəyik. Bu, gözəl diyardır. Biz burada olmaqdan həzz alırıq. “Baku Piano Festival”ın bir hissəsi olmaq bizim üçün şərəfdir. Dəvət olunduğumuza görə şadıq. Xoş axşam gözləyirik və möhtəşəm keçəcəyinə ümid edirik!”

“IV Baku Piano Festival” iyunun 28-dək davam edəcək. Paytaxt sakinləri və qonaqlarını müxtəlif janrlarda musiqilərin təqdim edildiyi geniş konsert proqramı gözləyir. “Baku Piano Festival 2025” çərçivəsində həmçinin bədii tədbirlər, sərgilər və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru “We Are the Future” gənc istedadlar konsertidir.

Baxış sayı: 27