XƏBƏRLƏR
MƏLUMAT
İçərişəhərdə həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
30/06/2025 11:42

İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində Retro1931 studiyasının həvəskar rəssamlarının əsərlərindən ibarət rəsm sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mənim Tanrım” adlı sərgidə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin eyniadlı şeirindən ilhamlanaraq ərsəyə gəlmiş əl işləri nümayiş olunub.

Retro1931 studiyasının təşəbbüsü ilə təşkil olunan sərgidə müxtəlif yaş və yaradıcılıq təcrübəsinə malik 40-dan çox həvəskar rəssamın əsərləri yer alıb. İştirakçılar fərqli üslub və texnikalara müraciət edərək, insanın Tanrı ilə münasibəti, yaradılışın sirri, təbiətə sevgi və insanın özünü axtarışı kimi fəlsəfi və mənəvi mövzuları bədii dillə ifadə ediblər.

Bəzi əsərlərdə sadə forma və rəng palitrasına üstünlük verildiyi halda, digərlərində simvolik ifadələr və abstrakt yanaşmalar diqqəti cəlb edib. Rəssamların fərdi dünyagörüşü və hiss dünyası bu əsərlərdə rəng, xətt və kompozisiya vasitəsilə öz əksini tapıb.

Bu kimi sərgilər gənc nəslin incəsənətə marağını artırır, eyni zamanda, yeni istedadların üzə çıxmasına və formalaşmasına zəmin yaradır.

Baxış sayı: 25