XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan ilk dəfə Çinin ən böyük televiziya və film bazarında təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
03/07/2025 14:30

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən Şanxay Beynəlxalq Televiziya və Film Bazarında (Shanghai International Film & TV Market) ölkəmizi təmsil edib.

ARKA-dan AZƏRTAC-a bildirilib ki, Şanxay Beynəlxalq Televiziya və Film Bazarı Asiyanın ən nüfuzlu sənaye tədbirlərindən biri olmaqla, hər il dünyanın müxtəlif ölkələrindən televiziya və kino sahəsində fəaliyyət göstərən şirkətləri, prodüserləri, yayımçılar və investorları bir araya gətirir. Tədbir çərçivəsində layihələrin təqdimatı, birgə istehsal imkanlarının müzakirəsi və yeni əməkdaşlıqların qurulması üçün geniş platforma yaradılır.

Azərbaycanın mədəniyyətinin və audiovizual potensialının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Agentlik tərəfindən bir sıra təşəbbüslər həyata keçirilib. Belə ki, “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 may tarixli Sərəncamının icrasının təmin olunması istiqamətində ölkəmizin film çəkilişi məkanı kimi təbliği və birgə istehsal imkanlarının araşdırılması məqsədilə beynəlxalq tərəfdaşlarla görüşlər keçirilib.

Tədbir çərçivəsində Türkiyə, Gürcüstan, Qırğızıstan, Səudiyyə Ərəbistanın və digər ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər baş tutub. Eyni zamanda, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair Tədbirlər Planının 2-ci, 83–84-cü bəndlərinin icrası çərçivəsində Çin kino sənayesi nümayəndələri ilə danışıqlar aparılıb.

Baxış sayı: 27