XƏBƏRLƏR
MƏLUMAT
”Biz sizdən öyrəndik qəhrəmanlığı” rubrikasında Elməddin Meydanov
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2023 03:47

Elməddin Meydanov 1989-cu il sentyabrın 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub. 1997-2004-cü illərdə Vərməziyar kənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında "Sərhəd Qoşunları" fakültəsində ali hərbi təhsil alıb.

Elməddin Meydanov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun kapitanı olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Meydanov Zəngilanın azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Baxış sayı: 224