XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Respublikasının Xalq artisti Mirzə Babayevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2021 01:36

Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Azərbaycan SSR əməkdar artisti (1956) və Azərbaycan Respublikasının Xalq artisti (1992), "Şöhrət" ordeni laureatı (2002). Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub. Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyərdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Mirzə Babayev də həmçinin. Mirzə Babayevin atası- Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib - demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb. Mirzə Babayevə musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırarkən, onlar üçün qarmon çalarmış. Mirzə Babayev böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edirmiş. Natəvan meydanındakı indiki "Sabina" mağazasının yerində "Metropol" restoranı yerləşirdi, orda da çıxış edib. Özü də o vaxt restoranlara mikrofonlar hələ gəlib çatmamışdı, müğənnilər ruporla oxuyurdular. Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra (Yeri gəlmişkən müharibə vaxtı Mirzə Babayev Rostovda döyüşüb. Leytenant rütbəsi alıb, 4-5 medalla qayıdıb.) "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib.

Mirzə Babayev 40-dan artıq filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Burada "O olmasın, bu olsun" filmi çəkiləndə Məşədi İbad roluna onu çəkmək istəyirmişlər amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər. Ümumiyyətlə sovet vaxtı Mirzə Babayevin ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səhnədə statik olmağı tələb edirdilər. Mirzə Babayev axı belə deyildi - ifası müxtəlif hərəkətlərlə müşayiət olunurdu. Elə şanson tərzinin özünü də qəbul etmirdilər. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. İndi də belə müğənnilər yox dərəcəsindədir. O vaxtın şanson ifaçıları məhəbbət mövzusunda olan, lirik məzmunlu şanson mahnılar oxuyurdular. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazırdılar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi.

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 1956-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı olub. 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

Baxış sayı: 653