XƏBƏRLƏR
MƏLUMAT
“Ağla, qərənfil, ağla!” adlı kompozisiya təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2021 06:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "8 Mart" adına Mədəniyyət evi xalqımızın başına gətirilən ən böyük faciələrdən biri – 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə videoçarx hazırlayıb.

Videoçarxda Mədəniyyət evinin "Atəşgah" poeziya dərnəyinin üzvləri – Leyla Babazadə, Camal Süleymanzadə, Xavər Abbasova, İlahə Cəbrayıl, İnci Nəzərli, Zəhra Novruzova, Əsnat Qurbanlı, Mənsurə Əlihüseynova, Nizami Axundov, Nuray Həsənli, İsmayıl Salahov, Jasmin Şirəliyeva, Kübraxanım Nəzərova tanınmış şair Məmməd Aslanın "20 Yanvar" faciəsinə həsr olunmuş "Ağla, qərənfil, ağla" şeiri əsasında kompozisiya təqdim ediblər.

Azərbaycan xalqının həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadığı Qara Yanvar gününün səbəbləri, onun nəticələri Mədəniyyət evinin sosial şəbəkələrdəki hesablarında geniş işıqlandırılıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis işçiləri olub.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə – Şəhidlər xiyabanına yola salıb.

 Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

https://www.instagram.com/p/CKOVZ5bhCmH/?igshid=jd39qlwvfbk7

Baxış sayı: 389