XƏBƏRLƏR
MƏLUMAT
20 Yanvar hadisələrindən 34 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
20/01/2024 10:02

1990-cı il yanvar ayının 20-si Azərbaycan xalqının tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 34 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarıb, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib. Nəticədə 170 nəfər həlak olub, 400-ə yaxın insan yaralanıb. Bunların arasında gənclər, uşaqlar, qocalar, qadınlar hətta hərbi qulluqçular da var idi.

Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, 20 Yanvar hadisələrini törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən və beynəlxalq ictimaiyyətdən ciddi şəkildə gizlədilən müsibətin dünyaya çatdırılmasına nail olub. Bununla da Ulu Öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut edib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb.

Bakının ən uca nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.

Hər il yanvar ayının 20-də on minlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Bu gün Şəhidlər Xiyabanına ziyarətin bir başqa anlamı var. Şəhidlərimizin qanı, canı bahasına başlanan müstəqilliyimizin bərpası uğrunda mübarizəmiz 2020-ci ildə Qarabağın azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə tamamlanıb. Artıq Şəhidlik rəmzi al Qərənfillər Zəfər rəmzi Xarıbülbüllə əvəzlənib. Müzəffər Qələbəmiz isə Vətən övladlarının XX əsrin sonlarında başlanan, Vətən məhəbbəti ilə ruhlanan əzmkar mübarizəsi, XXI əsrin 2020-ci ilin 10 noyabr tarixinə qədər ölkəmiz uğrunda ölümə zəfər çalan Şəhadəti və qürurlandırıcı Qaziliyi nəticəsində başa gəlib.

Xalqımızın vətənpərvər övladlarının əziz xatirəsini hörmət və ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Baxış sayı: 266