XƏBƏRLƏR
MƏLUMAT
Akademik Opera və Balet Teatrının orkestri Omanda çıxış edəcək
ÜMÜMİ XƏBƏRLƏR
09/10/2025 09:04

Görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının nümayişi Oman Opera Evinin 2025-2026-cı il mövsümünün proqramına salınıb.

AZƏRTAC Oman Opera Evinə istinadla xəbər verir ki, tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin və xorunun iştirakı ilə yanvarın 29-u və 31-də təqdim olunacaq.

Opera Davide Livermorun rejissorluğu və Fabio Mastrangelonun dirijorluğu ilə Məsqət Opera Evinin səhnəsində nümayiş ediləcək. Toska partiyasını Karmen Cianatazzio, sevgilisi Kavaradossi rolunu Vittorio Grigolo və Skarpia partiyasını isə Ambrogio Maestri ifa edəcəklər.

"Toska" operası dünyanın ən populyar on operası sırasına daxil edilib. Onun premyerası 1900-cü il yanvarın 14-də Romanın Teatro Kostansi opera teatrında olub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Baxış sayı: 39