XƏBƏRLƏR
MƏLUMAT
“Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi olub
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2024 09:38

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin bağlanış mərasimi olub.

Gəncə Dövlət Filarmoniyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak ediblər.

Tədbirdən əvvəl bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilib.

Bağlanış mərasimində bədii rəhbər və baş dirijor Xəyal Qəhrəmanovun rəhbərliyi ilə, Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Qaya Nəsibzadə, Əli Məmmədov, Rüstəm Cəfərov, Məhərrəm Qasımov, Samirə Hacıyeva, Musa Bayramov, Azər Verdiyev, Zəminə Nuriyeva, Aysel Həsənova, Bayram Üzeyirov “Küsmərəm” , “Vağzalı çalınır”, “Sərvi Xuramanım”, “İlk xatirələr”, “Bilsəm sən gəlirsən”, “Daimi hərəkət”, “Gözlə məni”, “Bilsin yar”, “Neylərəm”, “Eşq olsun sənətkara” və “Ulduzumsan” mahnılarını ifa ediblər.

Həmçinin orkestrin ifasında "Azərbaycan rəqsi", “Xəyala dalarkən", “Şalaxo” və “Sözsüz mahnı” dinlənilib.

Baxış sayı: 223