XƏBƏRLƏR
MƏLUMAT
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı musiqi sənətimizin inkişafının parlaq təcəssümüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2024 10:43

Azərbaycanda musiqi mədəniyyətimizin inkişafı və təbliği baxımından diqqətəlayiq olan daha bir tədbirin - Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının başlamasına saylı günlər qalıb. Belə ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ölkəmizin mədəni həyatında mühüm hadisə olan festivalda dünyanın bir çox ölkələrindən tanınmış sənətçilər iştirak edəcək. Festivala təşrif buyuran xarici qonaqlar Üzeyir Hacıbəyli irsi barədə dolğun məlumat alaraq mədəniyyətimizlə, musiqimizlə daha yaxından tanış olacaq, öz təəssüratlarını zənginləşdirəcəklər. Bu isə öz növbəsində Azərbaycan musiqisinin, Üzeyir Hacıbəyli yaradıcılığının dünyada daha geniş tanınması, təbliğ olunması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nəsirova-Əhmədova Fidan deyib.

Onun sözlərinə görə, 2009-cu ildən keçirilən festivalın əhatə dairəsi ötən müddət ərzində xeyli genişlənib: “İldən-ilə festivalda iştirak edən ölkələrin də, musiqi kollektivlərinin də sayı artmaqdadır. Bu il bu mötəbər musiqi bayramında Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya Respublikası, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər. Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.

Musiqişünasi deyib ki, Üzeyir bəy Hacıbəylinin doğum gününün musiqi günü kimi qeyd olunması ənənəsini görkəmli bəstəkar və dirijor Niyazi qoyub. Üzeyir bəy 1885-ci il sentyabrın18-də dünyaya gəlib. O, 63 illik ömründə zəngin, çoxşaxəli yaradıcılıq yolu keçib, ictimai xadim, pedaqoq, publisist, redaktor, bəstəkar, musiqişünas kimi doğma xalqının, vətəninin tərəqqisinə çalışıb. Vəfatından sonra görkəmli bəstəkar və dirijor Maestro Niyazi hər il sentyabrın 18-ni bayram kimi keçirib. Bu ənənə uzun illər davam edib.

1995-ci il sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 110-cu ildönümündə Ümummilli Lider Heydər Əliyev "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" Fərman imzalayıb. Fərmana uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir Musiqi Günü keçirilib.

Festival çərçivəsində təqdim olunan proqrama əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, bəstəkarın ev-muzeyində, Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünyaşöhrətli bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında musiqisevərlərə təqdim olunub.

Bu illər ərzində keçirilən festivallarda Rusiya, Belarus, Belçika, Litva, Latviya, İzrail, ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Sinqapur, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Yaponiya, Cənubi Koreya, Hollandiya və Avstraliyadan tanınmış musiqiçi və kollektivlər çıxış ediblər!,-deyə Nəsirova-Əhmədova Fidan qeyd edib.

O bildirib ki, Üzeyir Hacıbəyli adına beynəlxalq musiqi festivalının keçirilməsi dahi bəstəkarın xatirəsinin yad olunması ilə yanaşı, musiqi mədəniyyətimizin dünyada təbliği sahəsində görülən işlərin, musiqi sənətimizin inkişafının parlaq təcəssümüdür.

Qonaqpərvər Azərbaycan xalqı bu il də bir çox dünyaca tanınmış musiqiçilərin yolunu səbrsizliklə gözləyir: “Ümumiyyətlə, Beynəlxalq Üzeyir Hacıbəyli Festivalında xaricdən gələn musiqiçilərin çıxışları daim diqqət mərkəzində olub. Əminik ki, bu ilki festivalda da iştirak edən xarici ifaçıların, musiqi kollektivlərinin çıxışları maraqla qarşılanıb, yaddaqalan olacaq”.

 

Baxış sayı: 57