XƏBƏRLƏR
MƏLUMAT
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2024 12:24

18 Sentyabr - Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir. Bununla yanaşı, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunub.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov dahi bəstəkarın zəngin yaradıcılığından, musiqi mədəniyyətimizin tarixindəki rolundan söz açıb. O, Üzeyir Hacıbəylinin zəngin, çoxşaxəli yaradıcılığa malik sənətkar olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli dahi bəstəkarın Azərbaycan musiqisinə verdiyi böyük töhfələrdən danışıb. Bildirib ki, Üzeyir Hacıbəyli musiqişünas alim, publisist, ictimai xadim, milli operamızın banisi kimi xalqımızın qəlbində xüsusi yer tutub.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi musiqimizin uğurlarının Üzeyir Hacıbəyli ilə bağlı olduğunu deyib, onun istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, məhz onun rəhbərliyi altında Azərbaycanda əsaslı bəstəkarlıq məktəbi yaranıb.

Digər çıxış edən mədəniyyət xadimləri xalqımızın dahi bəstəkarın ölməz irsindən söz açıb, xalqımızın böyük sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri olduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, o, tanınmış musiqiçi olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi olub. Həmçinin Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır.

 

Baxış sayı: 49