XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Əli Zülalovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2024 10:04

Əli Zülalov 1893-cü il sentyabrın 13-ü Şuşada anadan olub. Əli Zülalov məşhur xanəndə Bülbülcanın qardaşı oğludur. Atasını erkən itirdiyindən onu beş yaşından əmisi saxlayıb. Bülbülcanla dostluq edən Üzeyir Hacıbəyli Əlinin incəsənətə olan marağını duyub. Onunla söhbət zamanı gəncin gur, xarakterik səsi bəstəkarın diqqətini çəkib. Elə bu səbəbdən də onu birillik sınaq müddətinə özünün rəhbərlik etdiyi opera və operetta truppasının xoruna işə götürüb. Beləliklə, Əli Zülalov səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının truppasında atıb. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri də Əli Zülalov olub.

Sonralar təhsilini davam etdirən Əli Zülalov Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, həyatda da, sənətdə də Üzeyir Hacıbəylidən dərs alıb. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş olunan "Koroğlu" operasında Ehsan paşa rolunu yaradıb.O, Moskvada ifa etdiyi Müslüm Maqomayevin "Nərgiz" operasındakı Molla Mütəllim roluna görə "Şöhrət nişanı" ordeni ilə təltif edilib. İslam dininin adət-ənənələrini yaxşı bilən Ə.Zülalov bu obrazı elə xüsusi bir məharətlə yaradıb ki, Stalinin diqqətini cəlb edib.

İkinci Dünya müharibəsi illərində Əli Zülalov Qurban Pirimovla birlikdə dəfələrlə cəbhədə döyüşçülər qarşısında konsert verib.

İstedadlı aktyorun opera səhnəsində yaratdığı rollar: Ehsan paşa ("Koroğlu"), Leylinin atası və Zeyd ("Leyli və Məcnun"), Keşiş ("Əsli və Kərəm"), Şahvələd ("Aşıq Qərib"), Molla Mütəllim ("Nərgiz"), Süleyman ("Arşın mal alan") və onlarla digər obrazları maraqla izlənib.

Görkəmli bəstəkar Fikrət Əmirov bu istedadlı sənətkar haqqında xatirələrində belə yazıb: "Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı aktyoru, solist Əli Zülalov gözəl səsi, səhnə mədəniyyəti və davranışı ilə hər zaman gənclərə nümunə olmuşdur".

“Əməkdar artist” fəxri adına layiq görülən Əli Zülalov opera səhnəmizin inkişafında xidməti olan mədəniyyət xadimlərindən biri idi.

Əli Zülalov 18 fevral 1963-cü ildə Bakı şəhərində vəfat edib.

Baxış sayı: 106