XƏBƏRLƏR
MƏLUMAT
Musiqili Teatr Brestdə uğurla çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2024 15:28

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Aysedora” (Z.Saqalov) monotamaşası Belarus Respublikasının Brest şəhərində keçirilən 28-ci “BelayaVeja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistanvə digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda ölkəmizi Musiqili Teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.

Bu barədə AZƏRTAC-a Musiqili Teatrdan bildirilib.

Brest Akademik Dram Teatrının səhnəsində sürəkli alqışlarla qarşılanan “Aysedora” festivalın təşkilatçıları tərəfindən laureat diplomuna layiq görülüb və həmin mükafat tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevə təqdim olunub.

Qeyd edək ki, bu beynəlxalq tədbirin ötənilki layihəsində Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev münsiflər heyətinin üzvü qismində iştirak edib, eyni zamanda, Əməkdar artist Şövqi Hüseynovun ifasında Musiqili Teatrın bir çox nüfuzlu beynəlxalq teatr layihələrində mükafatlara layiq görülmüş mono tamaşası – "Utancaq qız" (F.Dostoyevski, rejissor Cənnət Səlimova) oynanılıb.

Baxış sayı: 65