XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında akademik Nizami Cəfərova həsr edilmiş virtual kitab sərgisi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2024 14:15

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun anadan olmasının 65 illiyi münasibətilə “Nizami Cəfərov-65” adlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a akademikin zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən bəhs edən virtual sərgidə akademikin Ulu Öndər Heydər Əliyev tərəfindən Atatürk Mərkəzinə rəhbər təyin edilməsinə dair imzaladığı və Prezident İlham Əliyevin Nizami Cəfərovu “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı sərəncamların tam mətni, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər öz əksini tapıb.

Virtual sərgidə akademikin dilçilik və filologiya elminin nəzəri və praktik sahəsindəki əvəzsiz xidmətlərindən, dil və ədəbiyyatın tədrisinə verdiyi töhfələrdən, geniş ictimai-siyasi fəaliyyətindən, 500-dən çox elmi əsərin və monoqrafiyanın müəllifi olmasından bəhs olunub. Materialda professorun həyat və yaradıcılığından bəhs edən və özünün müəllifi olduğu “Ümummilli Lider: Azərbaycandan Türk dünyasına”, “Sözümüzün Ali Baş Komandanı”, “Mir Cəlalın milli ideyaları”, “Türkologiyanın müasir problemləri”, “Səməd Vurğun və Səmədoğlular”, “Ədəbiyyatdan siyasətə”, “Professor Nizami Cəfərovun kitab dünyası”, “Nizami: müasirim haqqında poema”, “Nizami Cəfərovla Türk dünyasına səyahət” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri təqdim edilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda akademikin ədəbiyyat, dilçilik, mədəniyyət haqqında söylədiyi fikirlər, müxtəlif telekanallarda verdiyi müsahibələrdən fraqmentlər, fotoqalereyasından görüntülər də yer alıb.

Akademik Nizami Cəfərovun 65 illiyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

Baxış sayı: 41