XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə dərc edilib
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2024 17:16

Özbəkistandakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə yayımlanıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müəllifi tanınmış jurnalist, yazıçı İsmat Kuçiyev olan məqalədə iki qardaş ölkə arasında mövcud olan hərtərəfli əlaqələrdən söz açılıb.

Məqalədə deyilir ki, son illər Özbəkistan və Azərbaycan bütün sahələrdə intensiv qarşılıqlı fəaliyyət vardır və bu qarşılıqlı fəaliyyətin nəticəsidir ki, iqtisadi, regional, mədəni, enerji, nəqliyyat, təhsil sahələrində yeni müştərək layihələr planlaşdırılmış, gələcək inkişaf strategiyası müəyyən edilmişdir. Bundan əlavə ölkələrimiz arasında şəhərlərin qardaşlaşması, turizm istiqamətlərinin aktivləşməsi, yeni müəssisələr açılması, biznes layihələrinin icrası, iqtisadiyyatın ən prioritet sahələrində investisiya əməkdaşlığının miqyasının genişlənməsi, toxuculuq, avtomobil sənayesi, məişət texnikası istehsalı, qida məhsulları, əczaçılıq kimi sahələrin inkişaf etdirilməsi də prioritetdir.

Qeyd olunur ki, avqustun 22-23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı ilki ölkə arasında Müttəfiqlik Münasibətləri Müqaviləsinin imzalanıb ki, bu tarixi hadisə hər iki ölkənin dövlətçilik tarixində yeni bir səhifədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sözlərinə görə, çoxları bu hadisənin əhəmiyyətini hələ tam dərk etmir. Özbəkistanın bir çox dövlətlə oxşar müqavilələri yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, tərəflər münasibətlərdə sadəcə yeni fəsil deyil, yeni kitab açıblar. Səfər zamanı ali Dövlətlərarası Şuranın müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün yeni təkliflərin hazırlanması və həyata keçirilməsi naminə təsirli bir mexanizmin yaradılması məqsədilə görüşlər də keçirilmişdir.

Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da ictimai-siyasi fəaliyyəti geniş şəkildə işıqlandırılıb.

Sözügedən məqalə ilə aşağıda qeyd edilmiş linkdə https://www.kultura.uz/view_2_r_21275.html  tanış olmaq olar.

 

Baxış sayı: 79