XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi Elmira Səfərovanın anadan olmasının 90 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2024 09:23

Elmira Səfərova 16 sentyabr 1934-cü ildə anadan olub. Musiqiçi ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi görkəmli pedaqoqlardan dərs alıb. 1952-1956-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfi) təhsil alıb. Elmira Səfərova tələbəlik illərində istedadlı pianoçu kimi tanınıb, konsertlərdə çıxış edib. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. O, ifaçıların I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb. 1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan Elmira Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə yüksək səviyyəli peşəkarların hazırlanmasına böyük töhfələr verib. Həmçinin musiqi müəllimləri üçün ixtisasartırma kurslarında metodiki işlər və mühazirələr aparıb, bir sıra metodik vəsaitlərin, elmi məqalələrin müəllifidir.

Elmira Səfərova 1997-ci ildə vəfat edib.

Baxış sayı: 66