XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2024 10:56

Özbəkistanın Səmərqənd şəhərində təşkil edilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında münsiflər heyətinə sədrlik edən Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist Sahib Paşazadə festival çərçivəsində keçirilən “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da çıxış edib. 32 ölkədən 46 musiqişünas, folklorşünas, mədəniyyətşünas, ali təhsil müəssisələrinin rektorları və beynəlxalq elmi-tədqiqat institutları və elm mərkəzlərinin rəhbərləri iştirak etdiyi elmi konfransdan sonra Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu və Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti ilə Beynəlxalq Muğam Mərkəzi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.

Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, BMM ilə hər iki ali təhsil müəssisə arasında imzalanan müqavilədə qarşılıqlı elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işləri, qarşılıqlı konsert və mədəni layihələr, ustad dərsləri kimi əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi BMM-nin inkişaf strategiyasında prioritet istiqamətlərdən biridir. BMM ilə hər iki ali təhsil müəssisə arasında imzalanan müqavilə də bu istiqamətdə atılan növbəti addım kimi təqdirəlayiqdir.

Qeyd edək ki, mərkəz Özbəkistanla əməkdaşlıq sahəsində artıq dördüncü sənədə imza atır.

Bundan əvvəl cari ilin iyun ayında BMM Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu mart ayında isə Özbəkistanın Milli Makom Sənət Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalayıb.

Birgə əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsinin artırılmasına, qurumlar arasında qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə xidmət edəcək.

Baxış sayı: 90