XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz” layihəsində gənc şairə Aysel Nəsirzadənin şeirləri təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2021 03:15

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullar unudulmur, yaşadılır və yaşadılacaq. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini uğurla davam etdirir.

 Qələm ustaları şəhidlərin əziz xatirəsi üçün yazdıqları yazılarla layihəyə dəstək olurlar.

Şəhidlər ölməz, Vətən bölünməz” layihəsinə gənc şairə Aysel Nəsirzadə  qoşularaq yeni şeirlər təqdim edib. 

Qeyd edək ki, Nəsirzadə Aysel Bəhram qızı 1986-cı il  20 dekabrda  Zəngilan rayonunda anadan olub. O, Bakı Dövlət Universtetinin SEP-fakültəsinin Fəlsəfə ixtisası üzrə məzunu olub.

Aysel Nəsirzadə “Sükutdan asılmış ruh “, “Qəfəs darlığı” şeirlər kitabının müəllifi, həmçinin “Zərif kölgələr” antologiyasının və Aprel şəhidlərinə həsr olunan “Vətən mücahidləri” kitabının da təsisçisi və rəhbərlərindən biridir.

Aysel Nəsirzadə Vətən uğrunda canlarını fəda edən şəhidlərə həsr etdiyi “Vüqarlı general” və “Şəhid həkim” adlı şeirlərini kitabxananın sosial şəbəkəsinə təqdim edib.

“Vüqarlı general” şeiri şəhid general-mayor Polad Həşimova həsr olunub. Şeirdə tarixə şanlı imzasını atan Polad Həşimovun gələcək nəsillərə örnək olduğu və olacağı da vurğulanır.

“Şəhid həkim” şeiri şəhid həkim İlqar Zeynallının əziz xatirəsinə həsr edilib.

 Vüqarlı general  

Şanlı imza atdın tariximizə,

Vüqarlı general şəhidimiz tək.

Şərəflə yaşadın ömür payını,

Qəhrəmanım, şəhid adın mübarək.

 

Qələbə vəd edir, ümid vəd edir,

Şəkildən boylanan məğrur baxışın.

Sənə eşqi böyük, bu torpaqdakı

Azad olunacaq hər bir qarışın.

 

Adının haqqını verib yaşadın,

Nəsillər sürdürər sənin irsini.

Vətən sevgisiylə döyündü qəlbin,

Səngərdə tapşırdın son nəfəsini.

 

O gün andımıza çevrildi adın,

Ən zərrə ümidə qoşa qanadsan.

Tarixdə çox vərəq çevriləcəkdir,

Sən hər səhifədə bizim Poladsan.

 

Şəhid həkim

Tabutu bayrağa sarılan, həkim,

Saysız ürəkləri dağladın getdin.

Şəhadət zirvəsin fəth etmək üçün,

Gənc ömür kitabın bağladın getdin.

 

Od, alov yağırdı baxışlarından,

Gör neçə əsgəri xilas etmişdin.

Gör neçə ömrə ömür qatmışdın,

Gör neçə ananı sevindirmişdin.

 

Sevinc bəxş etdiyin o anaların,

Ağlayan gözüsən, sızlayan qəlbi.

Bilirdin şəhidlik yoludu o yol,

Sən həkim olaraq seçəndə hərbi.

 

İndi yoxluğunun xəstəliyinə,

Düçar olanlara tapılmır çarə.

Toyuna hazırlıq görən ananın,

Saçları ağappaq, örpəyi qara.

 

Gülüşü üzündə donan şəhidim,

Məkanın cənnətdir, yerin behişti.

Tarixin yaddaşı səni unutmaz,

Deyər bu dünyadan bir igid keçdi.

Baxış sayı: 7180