XƏBƏRLƏR
MƏLUMAT
General Səməd bəy Mehmandarovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/10/2019 00:09

1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olan Səməd Sadıqbəy oğlu Mehmandarov Bakıda gimnaziya təhsili alıb, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsindəykən üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilib.

Ardıcıl olaraq ona 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor, Rus-Yapon müharibəsində böyük rəşadət göstərdiyinə görə 1908-ci ildə tam artileriya generalı rütbəsi verilib ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.

1904-cu ildə rus-yapon muharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Port-Artur döyüşlərində dəyanətinə, komandirlik bacarığına görə Şərq cəbhəsinin rəisi təyin edilib. I Dünya müharibəsi başlanarkən general Varşava ətrafında xidmət edib. Onun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Diviziya komandiri Mehmandarovun fitri istedadı ona Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazandırmağa müvəffəq olmuşdur. 1915-ci ildə general korpus komandiri təyin edilib. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif olunub.

1917-ci il fevralında burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxıb, bir müddət Vladiqafqaz şəhərində yaşayıb, sonra Azərbaycana gəlib. General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub.

1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.MehmandarovAzərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirib ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edib.

Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirib və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik edib. O, mühazirəni rusca, Ə.Şıxlinski isə öz dilimizdə oxuyurmuş. Bu iki ayrılmaz dost hətta Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətini də yaradıblar. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazıb: "Mehmandarov nadir artilleriyaçıdır".

General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak edib. 1928-ci ildə general səhhətinə görə orduda xidmətdən təxris olunub və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilib.

General-polkovnik həm də dövrünün görkəmli şəxsiyyətlərindən biri olub. O, türk və fars dillərini yüksək səviyyədə bilib. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olub.

Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat edib.

Baxış sayı: 14771