XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Sergey Murtuzəliyev
ÜMÜMİ XƏBƏRLƏR
30/08/2022 00:42

Sergey Murtuzəli oğlu Murtuzəliyev 1963-cü il noyabrın 17-də Baknıın Pirallahı qəsəbəsində dünyaya göz açıb. Uşaqlıqdan arzusu təyyarəçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olub. Buranı müvəffəqiyyətlə başa vurduqdan sonra, təhsilini Yeysk Ali Hərbi Aviasiya Məktəbində davam etdirib.

O, bir müddət Rusiyada işləyib. Sonra Kürdəmirə gələrək, hərbi aviasiya alayında xidmət etməyə başlayıb. Polkovnik-leytenant rütbəsinəcən yüksəlib.

Rus hərbçiləri gedəndən sonra köhnə təyyarələri özü təmir edirdi.

Qəlbi hər an Vətən üçün döyünüb. Qarabağa ilk uçuş edənlərdən biri də Sergey olub. Qısa müddətdə ad-san çıxarıb. Onun igidliyi dillərdə gəzib. Adətən havaya qalxanda, təyyarəni əvvəlcə göydə oynadırdı, buna görə də hamı onun Sergey olduğunu bilirdi.

Onun təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulub. O, məharətlə təyyarəni yerə endirib, özü də salamat qalıb. Sergey dəfələrlə Qarabağa uçuşlar edib, əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət göstərib.

O, xidmət etdiyi hissədə böyük hörmət qazanıb. Hər dəfə uçuşa gedəndə, dostları onun yolunu səbirsizliklə gözləyiblər. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Onun adı bir əfsanəyə çevrilib.

30 avqust l993-cü il… Təlim uçuşu… O, kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğradı.

Evli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli 202 saylı Fərmanı ilə polkovnik-leytenant Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Sergey Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilib.

Kürdəmir Hərbi Aviasiya Alayında onun büstü qoyulub.

Baxış sayı: 257