XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistan Dövlət Akademik Böyük Teatrında “Lazgi” balet tamaşasının premyerası keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
07/07/2021 09:11

Sentyabrın 4-də UNESCO-nun patronajlığı altında Ə.Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrında “Lazgi” balet tamaşasının premyerası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tamaşanın xoreoqrafı Berlin Milli Operası yanındakı balet məktəbinin məzunu Raul Raymondo Rebekdir. Tanınmış xoreoqraflarla işləyən, dünyanı dolaşan quruluşlarda çıxış edən Rebek 2012-ci ildən Dortmund Baletinin ştatlı xoreoqrafı, 2014-cü ildən isə “NRW Juniorballet Dortmund” kollektivinin rəhbəridir. Rebekin Cənubi Koreyanın “Universal Ballet” truppası üçün qurduğu “Bəyaz röya” birpərdəli tamaşası ötən il Astanada Avrasiya müasir rəqs festivalında maraqla qarşılandıqdan sonra “Lazgi” balet tamaşasının quruluşu ona etibar edilib.

Bu rəqsə həsr olunan balet tamaşası Özbəkistan rəqs ənənələrini beynəlxalq mədəni mühitdə yaymağa kömək edə bilər. Bu məqsədlə də ölkənin qeyri-maddi irsini tanıtmaq və özbək baletini məşhurlaşdırmaq üçün Avropada qastrol turnesi planlaşdırılır. Tamaşa həm də səhnələşdirildiyi teatrın daimi repertuarına daxil ediləcək.

Qeyd edək ki, 2019-cu il dekabrın 12-də UNESCO-nun Hökumətlərarası Komitəsi “Lazgi – Xarəzm rəqsi”ni Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edib. Xarəzm torpağında yaranan “Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür. Hazırda “Lazgi” Özbəkistanın bütün regionlarında populyardır.

Baxış sayı: 96