XƏBƏRLƏR
MƏLUMAT
Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
24/01/2025 17:55

Yanvarın 24-də Nizami Kino Mərkəzində “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Türkiyədə fəaliyyət göstərən “İnsan Haqları və Azadlıqları İnsani Yardım Fondu” (IHH) qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə ərsəyə gələn böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı səsləndirilib.

Tədbirdə çıxış edən “İnsan Haqları və Azadlıqları İnsani Yardım Fondu” (IHH) qeyri-hökumət təşkilatının nümayəndəsi Yavuz Dədə bildirib ki, Hacı Zeynalabdin Tağıyev dövrün çətinliklərinə baxmayaraq xalqına xidmət etməyi və gələcək nəsillərin inkişafına töhfə verməyi özünə həyat kredosu seçib.

O vurğulayıb ki, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda təhsil və maarifçilik sahəsində atılan addımlar həmin dövrün ictimai-siyasi mühitinə ciddi təsir göstərib. O, xalqın dərdini öz dərdi bilən və öz sərvətini xalqa sərf etməkdən çəkinməyən biri olub. Onun xeyriyyəçilik missiyası bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır və gələcək nəsillər üçün nümunədir.

Filmin prodüseri Yavuz Yıldırım bildirib ki, Azərbaycanda Tağıyevlə bağlı bir çox layihələr həyata keçirilib. Bu cür böyük şəxsiyyətlərin həyat hekayələri filmlərə, seriallara və digər layihələrə mövzu olmalıdır. Çünki onların gördüyü işlər və ideyaları cəmiyyət üçün daim əhəmiyyətlidir.

Daha sonra "Tağıyev" sənədli filminin nümayişi olub.

Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən film, onun xeyriyyəçilik fəaliyyəti, təhsil və milli şüurun oyanmasındakı rolu, eləcə də sosial rifah sahəsindəki töhfələrini tamaşaçılara çatdırmağı hədəfləyir. Bu sənədli film, yalnız bir şəxsiyyətin həyat hekayəsini təqdim etmir, eyni zamanda, onun gördüyü işlərin müasir dövrdə də nümunə ola biləcək mahiyyətini vurğulayır.

Hacı Zeynalabdin Tağıyev nəinki Azərbaycanın, bütün türk dünyasının mühüm şəxsiyyətlərindən biri olub. Onun xeyriyyəçilik və humanitar yardım sahəsindəki fəaliyyəti millətlərimiz arasında dərin bir bağ yaradıb, həmrəylik və maarifçilik kimi dəyərlərin təşviqində mühüm rol oynayıb. Hacı Zeynalabdin Tağıyev yalnız Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verməklə kifayətlənməmiş, eyni zamanda, təhsil, səhiyyə və sosial rifah sahələrindəki qabaqcıl fəaliyyəti ilə türk dünyasının ortaq dəyərlərini əks etdirən bir simvola çevrilib.

Hacı Zeynalabdin Tağıyev kimi öncül şəxslərin gördüyü işlərin geniş kütlələrə çatdırılması, onların göstərdiyi nümunələrin gələcək nəsillər üçün yol göstərici olması baxımından son dərəcə vacibdir. Belə layihələr, həm milli dəyərlərimizi tanıtmaq, həm də onları gələcəyə daşımaq üçün böyük əhəmiyyət daşıyır.

Baxış sayı: 50