XƏBƏRLƏR
MƏLUMAT
Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb
ÜMÜMİ XƏBƏRLƏR
24/01/2025 17:53

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsinin tədqiqi və beynəlxalq aləmdə təbliği sahəsində diqqətəlayiq addımlar atılır.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə ölkəmizin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir.

Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması Ankarada çapdan çıxıb. Əsəri Ərzurum Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım türkcəyə çevirib.

Kitabın “Ön söz”ündə qeyd olunur ki, Nizaminin hər bir poeması mükəmməl və təkrarsız sənət əsəridir. “Sirlər xəzinəsi” əsəri isə dahi şairin ilk məsnəvisi olmaqla müdrik fikirlərlə zəngin bir hikmət xəzinəsi, həyatın ayrı-ayrı sahələrini əhatə edən, yeni ideya və qənaətlərin ifadə olunduğu hekayətlərdən ibarət bir poemadır.

Qeyd edək ki, 2024-cü ildə Türkiyədəki AMM-in layihəsi ilə Nimet Yıldırım tərəfindən Nizaminin “İskəndərnamə” əsəri türk dilinə tərcümə olunaraq Ankarada işıq üzü görmüşdü.

Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal tərəfindən “Xəmsə”yə daxil olan beş əsərin hər biri orijinaldan özbək dilinə tərcümə edilərək çapdan çıxıb.

Ramin Abdullayev 

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Baxış sayı: 49