XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
24/01/2025 09:17

Bu gün Misirdə 56-cı ənənəvi Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Kitab sərgisinə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb. Misirdəki səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi yaradılıb.

AZƏRTAC xəbər verir ki, Misirin bir sıra nazirliklərinin rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, o cümlədən səfirliyimizin digər əməkdaşları sərginin açılışında iştirak ediblər.

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stendi Misirin vəqflər naziri Usamə əl-Əzhəri və mədəniyyət naziri Əhməd Fuad Henno ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib. Stendimizdə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə olunacaq.

Fevralın 5-dək davam edəcək sərgi çərçivəsində 600 mədəni tədbirin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır.

Oman Sultanlığı builki tədbirdə fəxri qonaq qismində çıxış edir. Mərhum misirli alim dr. Əhməd Mustəcir sərginin və yazıçı Fatimə əl-Mədul isə uşaq kitabları sərgisinin simaları seçiliblər.

Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir. Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Baxış sayı: 28