XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2024 11:00

Azərbaycan Milli Kitabxanası 23 Aprel-Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunub.

Ənənəvi kitab sərgisində isə, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında milli kökümüzü təbliğ edən ədəbiyyatlar, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda nəşr olunan kitablar Azərbaycan və müxtəlif dillərdə yer alıb.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm  linki vasitəsilə keçid etmək mümkündür.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

Azərbaycanda Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd olunur. Ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət xüsusi diqqət yetirir.

Ölkənin əsas qanunu olan Konstitusiyada ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub. Həmçinin Azərbaycanda bu sahənin hüquqi bazası da formalaşdırılıb. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Həmçinin UNESCO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub.

Bu əlamətdar günün məqsəd kitabların geniş əhatə dairəsini, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir.

 

Baxış sayı: 158