XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Beynəlxalq Kitab Bağışlama Günü” qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 09:49

Fevralın 14-ü “Beynəlxalq Kitab Bağışlama Günü”dür. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov bu bayramın gənc nəsildə kitaba sevgi hissi yaratdığını, mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Bu günün 2012-ci ildə ABŞ-da yarandığını və ölkəmizdə 2013-cü ildən qeyd olunduğunu söyləyən Kərim Tahirov, çıxışı zamanı gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında mütaliənin vacib əhəmiyyət kəsb etdiyini deyib.

Milli Kitabxananın direktoru Ümummilli Lider Heydər Əliyevin “Həyatda nə qazanmışamsa hamısına görə bu kitablara borcluyam” fikrini xatırladaraq, uşaqları kitab oxumağa səsləyib, mütaliənin önəmindən danışıb.

Tədbirdə 189-190 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Milli Kitabxananın direktoru məktəblilərə müxtəlif kitablar hədiyyə edib.

Sonda məktəblilər tərəfindən şeirlər səsləndirilib.

“Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə kitabxananın əməkdaşları tərəfindən virtual sərgi də hazırlanıb. Sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

Sərgi ilə tanış olmaq istəyənlər link vasitəsilə keçid edə bilərlər.

Baxış sayı: 165