XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri haqqında məlumat təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
18/06/2021 01:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycanın Xalq yazıçısı Anarın məşhur və dillər əzbəri olan "Beşmərtəbəli evin altıncı mərtəbəsi" və ya  "Təhminə və Zaur" əsəri haqqında məlumat təqdim edib.

Xalq yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakıda anadan olub. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. 

Yazıçının ən məşhur əsərlərindən biri "Beşmərtəbəli evin altıncı mərtəbəsi"dir. Bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunub, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilib.

Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. "Təhminə və Zaur" və ya "Beşmərtəbəli evin altıncı mərtəbəsi" təsirli bir sevgi hekayəsidir.

"Ağ liman" povestinin davamı olsa da, müstəqil əsərdir. "Ağ liman"da olan Təhminə və Zaur bu romanın mərkəzində dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.

Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünüb. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini qəbul edə bilmədi...

1993-cü ildə Rasim Ocaqovun rejissorluğu ilə “Təhmnə” filmi ekranlaşdırılıb. Film əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) həyatından bəhs edir.

Baxış sayı: 887