XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli yazıçı Süleyman Sani Axundovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
03/10/2022 01:25

Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb.

Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağırılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək qəhrəmanı" adı verilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. "İkinci il" adlı dərs kitabının müəllifidir.

Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazıb.

1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirib. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və s. pyeslərin müəllifidir.

Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazıb. Yazıçı "Tutuquşu" (1909) hekayəsində də aktual məsələyə toxunub. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa edib. Süleyman Sani Axundovun yazdığı "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912–1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib.

Süleyman Sani Axundov 29 mart 1939-cu ildə, 63 yaşında vəfat edib.

Baxış sayı: 436