XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Səid Rüstəmovun xatirəsi anılıb
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2024 15:55

Xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun vəfatının 41-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

AZƏRTAC xəbər verir ki, anım mərasimində görkəmli sənətkarın adını daşıyan Beynəlxalq Muğam Mərkəzinin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin kollektivi unudulmaz bəstəkarı dərin ehtiramla yad edib.

Orkestrin bədii rəhbəri və baş dirijoru Mustafa Aşurov çıxış edərək bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, Xalq Çalğı Alətləri Orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılıb. Bununla nəinki Azərbaycanda, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsası qoyulub. 1931-ci ildən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri, 1935–73 illərdə orkestrin baş dirijoru və bədii rəhbəri olmuş görkəmli bəstəkar Səid Rüstəmov bu orkestr üçün bir sıra əsərlər yazmışdır. Hazırda bəstəkarın adını daşıyan kollektiv hər zaman xatirəsini əziz tutaraq onun qoyduğu yolu uğurla davam etdirir.

Diqqətə çatdırılıb ki, bəstəkar yaradıcılıqla yanaşı, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirib, musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olub. Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi kafedrasını yaradıb. Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən bəstəkarın geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri də daxildir. Dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsi 1949-1953-cü illərdə məhz Səid Rüstəmova həvalə olunmuşdu.

Orkestrin üzvləri Əməkdar artist, tarzən Səbuhi Cəfərov, kamança ifaçısı Vidadi Paşayev bəstəkar haqqında xatirələrini bölüşüblər.

 

Baxış sayı: 149