XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Ceyhun Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2023 00:22

Ceyhun Möhübbət oğlu Hüseynov 1991-ci il oktyabrın 5-də Ağcabədi rayonunun Arabar kəndində anadan olub. Ağcabədi rayonu C.Həsənov adına Arasbar kənd orta məktəbində təhsil alıb. Dostları arasında cəsarəti, əzmi və fiziki bacarıqları ilə seçilən Ceyhunun ən böyük arzusu hərbçi olmaq olub. O, 2009-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtmasına baxmayaraq, Ceyhunun qəlbindəki vətən sevgisi və hərbçi olmaq arzusu onu yenidən xidmətə qayıtmağa sövq edib. 2014-cü ilin mart ayından etibarən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yenidən daxil olub. Ceyhun Hüseynov hərbçi olaraq çalışdığı müddətdə artilleriya hərb sənətini incəliklərinə qədər öyrənib. Xüsusilə 122 mm-lik D-30 haubitsa-topu barədə bilikləri sonrakı illərdə ona top komandiri vəzifəsinin verilməsinə gətirib çıxarır.

Ceyhunun artilleriya bacarıqları Aprel döyüşlərində özünü göstərir. Onunla birlikdə xidmət etmiş yoldaşları və əsgərlərinin dediklərinə görə, Ceyhun 2016-cı ilin aprelində erməni artilleriyasına sərrast zərbələr endirərək, düşmənin xeyli itkilər verməsinə səbəb olub. Onun tabeliyində olan əsgərlərdən birinin dediyinə görə, Ceyhun təkbaşına 4 topdan 27 atəş açaraq Yuxarı Qiyaməddinli kəndini və xidmət etdikləri artilleriya divizionunu xilas edib.

Şəhid Ceyhun Hüseynov Vətən müharibəsi zamanı Xocavənd rayonu istiqamətində döyüşlərdə iştirak edib. O, təkcə 122 mm-lik D-30 haubitsa-topu ilə deyil, 120 mm-lik minaatandan da sərrast atəş açmağı bacarırdı. Məhz buna görə də öz istəyi ilə döyüşlərin ən qaynar nöqtəsinə 120 mm-lik minaatan komandiri olaraq qatılıb. Yüksək peşəkarlığı ilə düşmənin qorxulu yuxusuna çevrilən Ceyhun Hüseynov 16 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.Şəhidimiz subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 215