XƏBƏRLƏR
MƏLUMAT
Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub
ÜMÜMİ XƏBƏRLƏR
02/07/2024 09:40

Macarıstanın paytaxtı Budapeşt şəhərində Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID) tərəfindən təşkil olunan “Film gecəsi”ndə ilk qısametrajlı “Ortaq Türk” filminin premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələri təmsil edən tələbə və gənclər də daxil olmaqla 50-dən çox qonaq iştirak edib.

Tədbirdə azərbaycanlı həvəskar rejissor, Nazim Aqşin Musabəyli tərəfindən çəkilmiş qısametrajlı filmlərin nümayişi baş tutub. İlk qısametrajlı “Ortaq Türk” filmi olmaqla gənc rejissorun 6 filmi göstərilib.

Açılışda Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYID) sədri vəzifəsini icra edən Fərqanə Bayramlı ortaq türk tarixi, mədəniyyəti, adət-ənənələri və dəyərlərinin təbliğində azərbaycanlı gənclərin rolundan söz açıb. F.Bayramlı Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, həmçinin türk dünyasında ortaq mədəniyyətin, incəsənətin, irsin qorunması və inkişafında azərbaycanlı gənclərin rolunu vurğulayıb.

Filmlərdə qürbətdə yaşayan azərbaycanlı gənclərin başına gələn hadisələrdən bəhs olunur. “İtaliyansayağı qonşu” və onun davamı olan “İtaliyansayağı qonşu 2: Federikonun qayıdışı” filmlərində özünü italiyalı kimi qələmə verən Fəxrəddinin başına gələn gülməli hadisələr, “Psix hansımızıq?” filmində isə ukraynalı qıza vurulmuş azərbaycanlı oğlanın sərgüzəştləri yer alıb.

Qonaqlar tərəfindən ən çox diqqəti cəlb edən isə “Seçimlər, dəxi sonuclar”, “Ən ağır sınaq” filmləri olub. “Seçimlər, dəxi sonuclar” filmində Budapeştdə yaşayan qazaxıstanlı bir xanımla onun yanına qonaq gəlmiş azərbaycanlı bir gəncin, seçimlərin həyatımızdakı böyük təsiri olduğundan bəhs edilib.

Filmdə çəkilmiş altı qəhrəman Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və hətta Macarıstandandırlar. Tədbir filmin yaradıcı heyətinin səhnəyə dəvət olunması, qonaqları maraqlandıran sualların cavablandırılması, ardınca isə musiqili proqramla yekunlaşıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

 

Baxış sayı: 86