XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış “Parni İz Baku” komandasının üzvü, prodüser Timur Vaynşteynin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/03/2022 00:56

Bu gün tanınmış keçmiş “KVN”çi, “Parni İz Baku” ŞHK (Şən və Hacırcavablar Klubu) komandasının üzvü, ŞHK-nın Yüksək Liqasının çempionu, “VayT Media” teleşirkətinin təsisçisi Timur Vaynşteynin 45 yaşı tamam olur.

1996-cı ildə həkim-psixiatr ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetinin məzunu olub. Ancaq ixtisası üzrə bir neçə il işlədikdən sonra fəaliyyət sahəsini tamamilə dəyişib. Televiziyaya keçərək, Rusiya Televiziya İşçiləri İnstitutunda Televiziya proqramları rejissoru ixtisası üzrə ikinci ali təhsilini alıb.

Televiziya sahəsində öz karyerasına VİD telekanalında başlayıb, sıravi müxbirdən “Dobrıy Veçer” və “Tema” proqramlarının rəhbərinə kimi yüksəlib. Daha sonra özünün “Ças Pik” adlı şousunu yaradıb. Həmçinin, tanınmış “İşu Tebya” (Səni axtarıram) telelayihəsinin müəllifidir. Televiziya sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Vaynşteyn teleşirkətin ən yaxşı redaktoru adını qazanıb.

Timur, eyni zamanda, teleproqramların, tammetrajlı kino və serialların istehsalı üzrə ixtisaslaşmış “VayT Media” şirkətinin təsisçisi və baş prodüseridir.

2010-cu ilin payızında “VayT Media” beş - Polşa, Çexiya, Slovakiya, Ukrayna və Belarus telekanalı üçün “Wipe Out Cup” uyğunlaşdırılmış versiyasını ərsəyə gətirməklə, Rusiyanın Mərkəzi və Şərqi Avropa üçün bir sıra layihələr istehsal edən ilk prodakşn şirkətinə çevrilib. Elə həmin il “VayT Media” telekontent istehsalı üzrə dünya lideri olan “Endemol” şirkəti ilə strateji tərəfdaşlıq haqqında müqavilə bağlayıb.

2013-2016-cı illərdə Timur Vaynşteyn “STS Media” direktorlar şurasının üzvü olub.

2014-cü ilin dekabr ayının ortalarında dünya telesənayesinin iki nəhəngi - “Endemol” və “Shine Group” şirkətləri birləşib. Beləcə, “VayT Media” şirkəti daha bir iri televiziya istehsalçısı olan “Shine Group” şirkətinin beynəlxalq hitlərindən ibarət kitabxananın eksklüziv sahibinə çevrilib.

2015-ci ilin dekabr ayında Timur Vaynşteyn öz karyerasında növbəti uğura imza atıb: Rusiyanın ən iri teleşirkəti olan NTV telekanalında baş prodüser postuna təyin olunub. NTV baş prodüseri olaraq, teleşirkətin qeyri-siyasi layihələrinə nəzarət edib. Vaynşteynin vəzifədə olduğu müddətdə “Saltıkov-Şedrin Şou”, “Zvonok”, “Odnajdı...”, “Oxota”, “Kinoşou”, “Tı Super”, “Tı Super! Tansı”, “Breyn–rinq” və digər verilişlər efirə gedib.

Azərbaycanda isə Timur daha çox “Parni İz Baku” Şən və Hazırcavablar komandasının üzvü və bədii rəhbəri kimi tanınır.

Komandanın tərkibində KVN (ŞHK) Yüksək Liqasının çempionu, 1995-ci il Yay Kubokunun mükafatçısı olub. 2000-ci ildə “Parni İz Baku” Timur Vaynşteynin bədii rəhbərliyi altında “KVN-nin XX əsr ən yaxşı komandaları turniri”nin qalibi olub.

Baxış sayı: 649