XƏBƏRLƏR
MƏLUMAT
“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda növbəti tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2024 16:01

Türkiyədə başladılan “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbulun Ataşehir Bələdiyyəsinin Mustafa Saffet Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevanın “Cin atı” komediya filminin qala gecəsi keçirilib.

Tamaşaçılarla görüşən Əməkdar artist tarixin dərinliklərindən gələn Azərbaycan-Türkiyə qardaşlığı haqqında danışaraq bu birliyin hər sahədə olduğu kimi, mədəniyyətdə də illər keçdikcə daha da dərinləşdiyini qeyd edib.

Sonra filmə baxış keçirilib.

Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi ilə İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə layihəsi olan “Biz birlikdə güclüyük” “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in imzalanmasına əsasən həyata keçirilir.

Layihə barədə AZƏRTAC-a məlumat verən “Xarıbülbül Vizyon” teatrının rəhbəri Kəmalə Kamal bunun iki ölkə arasında mədəniyyət körpüsü, eləcə də Azərbaycan mədəniyyətinin Türkiyə tamaşaçısına daha da yaxından tanıtmaq üçün vəsilə olduğunu bildirib.

Bunun “Biz birlikdə güclüyük” şüarı ilə ikinci tədbir olduğunu qeyd edən teatrın rəhbəri layihə çərçivəsində silsilə tədbirlərin keçiriləcəyini deyib.

Bildirilib ki, layihənin təşkilində əsas məqsəd Azərbaycan mədəniyyətini, teatr və kino sənətini Türkiyədə daha çox tanıtmaq, təbliğ etməkdir.

Baxış sayı: 233