XƏBƏRLƏR
MƏLUMAT
Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2024 15:18

Oktyabrın 2-dən 6-dək Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycan” kinoteatrında 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, bu il festivala 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 18 ölkədən 48 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar.

Demetrios Poursanidis (Yunanistan), Nitya Ramlogan (ABŞ), Nəzrin Ağamalıyeva, Elşən Cəbrayılzadə, Məsud Alısoy, Vəfa Piriyevanın (Azərbaycan) təmsil olunduğu festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

Müsabiqədə iştirak edəcək filmlər arasında həm bu sahədə öz sözünü demiş peşəkar animatorların, həm də animasiya dünyasına yeni daxil olmuş istedadlı gənclərin filmlərini görmək mümkün olacaq.

Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər 7-ci ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətinin üzvləri isə yaxın zamanda açıqlanacaq.

Qaliblər üçün nəzərdə tutulan mükafatlar - Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi ¬¬– Grand Prıx”, Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi”, “Tamaşaçı rəğbəti” mükafatı və “Tərəfdaşların xüsusi mükafatları”dır.

Qeyd edək ki, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramı və bilet satışı haqqında məlumat sentyabrda elan ediləcək.

 

Baxış sayı: 153