XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Xalq rəssamı Akif Əsgərovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2023 00:30

Akif İzzətulla oğlu  Əsgərov 1940-cı il may ayının 1-də Naxçıvan şəhərində anadan olub. 1958-1963-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1963-1969-cu illərdə İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq, Memarlıq Akademiyasında M.K.Anikuşinin emalatxanasında təhsil alıb.

Dəzgah və monumental heykəltəraşlıqla məşğuldur. 1970-1972-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olub. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb. Heykəltəraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərləri Fransa, Almaniya, ABŞ, Türkiyə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Volqoqrad İncəsənət Muzeyində saxlanılan “Mənim qızım” və Moskvada Tretyakov qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərinin adını çəkmək olar.

Bundan əlavə, Akif Əsgərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” heykəllərinin müəllifidir. Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əsgərovun heykəlləri İrandavə Türkiyədə də (Balerina, Səhnə) ucaldılıb.

Müxtəlif sərgilərdə iştirak edən heykəltəraşın fərdi sərgisi 1997-ci ildə Bakıda keçirilib. Ekspozisiyada rəssamın “Balerina”, “Bahar” əsərləri nümayiş etdirilib.

Ustad sənətkar 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Zirvə” mükafatına layiq görülüb. 10 fevral 2016-cı ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.

Akif Əsgərov 27 may 2018-ci ildə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 aprel tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qocaman sənətkar Akif Əsgərov Azərbaycan Rəssamlıq Akademiyasının professorudur.

Baxış sayı: 369