XƏBƏRLƏR
MƏLUMAT
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2024 15:46

Ankara şəhərindəki ən böyük bələdiyyələrdən olan Keçiören bələdiyyəsi Hıdırellez mövsümi bayram münasibətilə beynəlxalq mədəniyyət festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri ölkələrinə dair milli stendləri təqdim ediblər.

Azərbaycanı tədbirdə səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbir çərçivəsində Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan Azərbaycan səfiri Rəşad Məmmədovla görüş keçirib, qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Daha sonra Keçiören bələdiyyəsinin qarşısında meydanda tədbir bədii proqramla davam edib.

Festivalda ölkələrin milli stendlərinə baxış keçirilib, qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə dair suvenirlər, nəşrlərlə tanış olub, milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq ediliblər.

Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan Türk dünyasında baharın gəlişi kimi qeyd olunan Hıdırellez bayramı haqqında məlumat verərək, unudulmaqda olan adət və ənənələrin bərpasının önəmindən danışıb, bu bayramların gözəl ənənələrin göstəricisi olduğunu söyləyib.

Türk dünyası arasında tarixi dostluq və qardaşlıq əlaqələrindən danışan M. Özarslan, əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edib və Türk dövlətlərinin qardaşlaşmış bələdiyyələri ilə əməkdaşlığın önəmini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankara Keçiören bələdiyyəsinin Fəxri diplomu ilə təltif olunub.

Festivalda bədii proqramda müxtəlif ölkələrin rəqs kollektivləri milli rəqslərini təqdim ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi bədii proqram maraqla qarşılanıb

Konsert proqramından sonra Hıdırellez bayramının müxtəlif adət-ənənələri icra olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Baxış sayı: 109