XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Latviyada keçirilən xeyriyyə tədbirində təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2023 15:34

Dekabrın 3-də Azərbaycanın Latviyadakı səfirliyi Riqa şəhərində ənənəvi olaraq keçirilən beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən keçirilən tədbirdə Latviyadakı diplomatik nümayəndəliklər, eləcə də yerli qurumlar təmsil olunub.

Xeyriyyə yarmarkasındakı Azərbaycan stendində mədəniyyətimizi və tariximizi əks etdirən suvenirlər, milli geyimlər nümayiş olunub, ölkəmizə aid müxtəlif nəşrlər sərgilənib və paylanılıb. Eyni zamanda, Azərbaycan istehsalı olan məhsullar, milli mətbəximizin ləziz təamları və UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən kəlağayı sənətimizin rəngarəng nümunələri təqdim olunub. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış və ölkəmizin təbiətinə, mədəniyyətinə və turizminə dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın stendi yarmarkada ən çox ziyarət edilən və maraq doğuran stendlərdən biri olub. Latviyanın sabiq Prezidenti Raymonds Veyonis və digər qonaqlar Azərbaycan stendini ziyarət ediblər.

Baxış sayı: 240