XƏBƏRLƏR
MƏLUMAT
Zalsburq şəhərində “Azərbaycandan hekayələr” kitabının oxu saatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/01/2025 09:31

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evində həftə sonu dərsləri davam edir.

Avstriya Azərbaycanlıları Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, uşaqların qış tətilindən sonra yenidən həftə sonu dərsləri bərpa olunub.

Bildirilib ki, burda uşaqlara Azərbaycan dili, riyaziyyat, alman dili və rəsm dərsləri keçirilir. Bu həftə uşaqlara Azərbaycan dili və alman dili dərslərindən sonra oxu saatı elan olunub. Uşaqların bu dəfə seçdikləri kitab görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin alman dilində tərcümə olunan “Azərbaycandan hekayələr” olub.

Əvvəlcə balacalara Mir Cəlal barədə geniş məlumat verilib, onun həyatı barədə geniş ekranda videorolik göstərilib. Bildirilib ki, müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyan tanınmış ədiblər nəslinə mənsub Mir Cəlalın əsərləri öz rəngarəngliyi- janr müxtəlifliyi, mövzu zənginliyi, ana dilimizin lüğət tərkibindən məharətlə istifadə bacarığı, bir sözlə, geniş üslub və bədii forma imkanları ilə seçilir.

Görkəmli nasirin qızı, ədəbiyyatşünas alim Ədibə Paşayeva, avstriyalı azərbaycanşünas xanım Liliane Qrimmin səyi nəticəsində ərsəyə gəlmiş “Azərbaycandan hekayələr” kitabında Mir Cəlalın yaradıcılığının müxtəlif dövrlərini əhatə edən incə yumor və kəskin satira, eləcə də dərin lirik hisslərlə yazılmış hekayələri toplanıb. Satirik hekayələrində ustad sənətkar yumor pərdəsi altında həssas oxucuya tipik obrazların timsalında ötən əsrdə Azərbaycanda hökm sürən sovet bürokratiyasını təqdim edir. Lirik notlarla qələmə alınmış hekayələrdə isə XX əsr zəhmətkeş Azərbaycan insanı, cəmiyyəti və dövrün aktual mövzuları bədii cizgilərlə təsvir olunur. Yazıçının bugünkü Avropa oxucusunun bədii zövqünə uyğun gələn, XX əsrdə Azərbaycan həyatının canlı mənzərəsini yaradan və yüksək bədii keyfiyyətə malik çoxsaylı hekayələrindən seçmə əsərlər kitaba daxil edilmişdir.

Oxu saatında “Azərbaycandan hekayələr”i oxuyan uşaqlar kitabdakı əsərləri çox bəyəndiklərini bildiriblər.

Sonda balacalara Mir Cəlalın alman dilinə tərcümə olunan “Azərbaycandan hekayələr” kitabı hədiyyə olunub.

 

Baxış sayı: 39