XƏBƏRLƏR
MƏLUMAT
Yerli mövzularda çəkilən filmlər
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2019 04:41

1940-cı illərdə baş verən “zəlzələ” “Hollywood”u yaxşıca silkələsə də, həmin dövrdə Şimali Amerika kinosu beynəlxalq aləmdə öz yerini möhkəmlədə bilib. Birləşmiş Ştatlarda ancaq öz filmləri nümayiş olunurdusa, başqa ölkələrin kinoteatrlarında bir-birini əvəzləyən premyeraların ümumi sayı bu ölkədə çəkilən filmlərin sayından çox olurdu.

Hollivud bütün dünyada özünün şəbəkəsini qurmuşdu və ən önəmlisi də o idi ki, kino mədəniyyətini inkişaf etdirə bilmişdi, öz kinosu ilə bütün dünyanı zəbt etmişdi. Ağlar və yerli xalqlar (qırmızı dərililər) arasında filmlər ekranlaşdırılırdı. “Ayaqlarında çəkmə ilə ölənlər” ekran əsəri yerli mövzunu əhatə etsə də, beynəlxalq aləmdə maraq doğurmuşdu. Bu, Şimali Amerika kino sənayesinin bir qələbəsi idi. Başqa ölkələr yerli mövzularını sərhəddən kənara çıxarmağa çalışsalar da, oralarda bu filmlər heç bir maraq kəsb etməyib. Ancaq Hollivud dediyimiz bu yerli mövzularla öz tarixi və orada çəkilən ulduzlarla dünyaya çıxıb.

Yerli kinematoqrafiyadan danışarkən Hindistan da yada düşür. Sıx əhalisi olan bu ölkə yerli folklor nümunələri, cəmiyyətdəki savadsızlığı və dillərinin müxtəlifliyi ilə seçilib. Bombey, Kəlküttə və Benqala kimi yerlərdə kök salan kino XX əsrin əvvəllərindən böyük sıçrayışa səbəb olub. Hindistanın kino sənayesi dünyanın ən qabaqcıl kino meydançalarından birinə çevrilib. Ən məşhur filmlərdən Uday Şankarın “Baxış”, S.S.Vasanın “Çandralekha”, Raç Kapurun rejissoru olduğu və özünün də çəkildiyi “Avara”nı misal göstərmək olar.

Hindistan 1940-cı illərin sonunda öz müstəqilliyini əldə etdikdən sonra kino sənayesində dəyişikliklər baş verib. Hindistanlı kino mütəxəssisləri avropalı həmkarları ilə əlaqəyə girərək Hollivudun təyin etdiyi janrları kəşf etməyə başlayıblar. Bimal Royun “İki hektar torpaq” və “Kəlküttə, qəddar şəhər” əsərləri Hindistandan kənarda da diqqəti cəlb edə bilib. Bu iki film italyan neorealizm üslubunda çəkilib. Ancaq yerli mövzulardan kənara çıxan, qlobal məsələlərə toxunan ilk hindistanlı rejissor Satyaxit Ray olub. O, bəstəkar, yazıçı, jurnalist və rəssam, bir sözlə, Hindistanın yetişdirdiyi ən yaxşı kino mütəxəssisi idi. S.Ray beynəlxalq miqyasda “Apu trilogiyası: “Pather Panchali”, “Məğlubedilməz” və “Apunun dünyası” filmlərinə görə uğura imza atıb. O, dünyanın ən mötəbər kinostudiyalarından cəlbedici təkliflər alsa da, öz yaradıcılığını Hindistana həsr etməyi qərarlaşdırıb. Belə bir istedadlı, orijinal rejissorun timsalında hind filmləri dünya bazarına çıxa bilib.

Bu ərəfədə Meksika kino sənayesində də oxşar mənzərə müşahidə olunurdu. Kino əsasən daxili bazarı təmin etmək üçün çəkilirdi. 1930-cu illərdə öz yolunu müəyyən edən “Clasa”, “Azteca” və “Churubusco” studiyaları xaricdə çətin başa düşülən komediya və çarrolar (Meksika əhalisinin ümumi adı) haqqında melodramlar çəkirdi. Raul Andanın “Qara çarro”, Fernando de Fuentesin “Orada, böyük rançoda”, Xilberto Martinesin “Yatmış gözəl” və ya Çano Uretanın “Günəşin şəfəqləri” filmləri Xorxe Neqrete adlı müğənninin xatirəsinə həsr olunub. Ancaq çəkilişlərin keyfiyyətinin aşağı olmasına baxmayaraq Kantinflas ləqəbli Mario Moreno kimi maraqlı aktyorlar meydana çıxıb. Dolores del Rio və Pedro Armendarisin oynadığı “Mariya Kandelariya” filmi dünyada böyük maraq oyadıb. Meksikaya sürgün olunmuş ispaniyalı rejissor Luis Bunyueli qəbul etdikdən sonra o, “Qran kazino”, “Unudulmuşlar”, “Robinzon Kruzun macəraları” və digər filmlərini ərsəyə gətirib.

İspaniyadan fərqli olaraq bir çox Avropa ölkələri qüdrətli Hollivud sənayesinə qarşı özlərinin kino bazarını genişləndirmək uğrunda mübarizə aparırdılar. Böyük Britaniyada kino istehsalı ilə məşğul olan möhtəşəm şirkətlər fəaliyyət göstərib. “Rank” studiyalar qrupu Uilyam Şekspirin əsəri əsasında çəkilmiş, Lourens Olivierin rejissorluğu və iştirakı ilə “V Enrike” filminə, həmçinin “Sezar” və Kleopatra” və “Böyük ümidlər” filmlərinin çəkilişlərinə start verib. “Ealing” studiyası “Pimliko üçün pasport”, “Ölümün səkkiz məhkumluğu”, “Ölüm beşliyi” kimi komediyalar çəkib. “Hummer” şirkəti “Doktor Quartermass təcrübəsi” ekran əsərini bitirəndən sonra “Frankeşteynin lənəti”, “Drakula” və “Mumiya” filmlərinə yeni nəfəs vermək üçün “Universal” studiyasının müəlliflik hüquqlarını almaq qərarına gəlib.

Böyük Britaniya kimi, Fransa və İtaliya kinematoqrafiyası da bacarıqlı müəlliflərin hesabına beynəlxalq aləmdə uğur qazana bilib. Fransa kimi ölkədə “Qadağan olunmuş oyunlar” filmi ilə Rene Klement, “Madame de...” filmində Maks Ofuls, “Gözəl və vəhşi”ni ecazkar şəkildə yenidən işlədiyinə görə isə Jo Koktu seçiblər. İtaliyada neorealizm arxada qalandan sonra Roberto Rossellininin “General Rovere”, Luçino Viskontinin “Rokko və qardaşları” və Mario Moniçellinin “Rufufu” filmləri çəkilib. Federiko Fellini “La Strada”, “Kabiria gecələri” və “Dolçe vita”ya görə italyan kinosunun ən bacarıqlı rejissoru adını alıb.

Skandinaviya ölkələrinin kinosu da 1940-1950-ci illərdə dünyaya çıxış qazanıb. İşinə görə iki kinoşünas – danimarkalı Karl Teodor və isveçli İnqmar Berqman bütpərəstliyi təbliğ etdikləri üçün beynəlxalq tənqidə məruz qalıblar. Onlardan birincisi təmkinli rejissor təəssüratı yaradıb. İ.Berqmanın filmləri də asan başa düşülən olmasa belə, tamaşaçı rəğbətini qazana bilib. Onun əsərləri daha çox psixoloji dramlar idi. O, “Monika ilə bir yay axşamı”, “Yeddinci möhür”, “Cır çiyələk” filmlərinə görə Skandinaviya kinosunu yüksək səviyyəyə qaldırıb.

Skandinaviya kinosu maraqlı formada inkişaf etsə də, Yaponiya kinosu da bu sənayedə yüksələ bilib və hətta qərb tamaşaçılarını öz auditoriyasına cəlb edib. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın kino sənayesi Birləşmiş Ştatların nəzarətinə keçib. “Hollywood” modelini özünə nümunə seçən yapon kino sənayesi əsasən beş studiyada formalaşıb. Onlar müharibənin son illərində əsasən yerli mövzuya toxunurdular. Ancaq Akira Kurosavanın gəlişi mənzərəni dəyişib. A.Kurosava dahi rejissor idi. Onun filmləri özündə ənənəvi Yaponiya və qərb elementlərini cəmləşdirirdi. Onun möhtəşəm “Rashomon” filmi 1951-ci ildə Venesiyada “Qızıl şir”ə layiq görüldükdən sonra, bir çox rejissorlar üçün istinad mənbəyinə çevrilib. Onlardan biri Martin Ritt özünün “Dörd etiraf” filmində Raşomonu təqlid etməyə çalışıb. A.Kurosava sonrakı tammetrajlı ekran əsərlərində səviyyəni endirməyib: “Yeddi samuray”, “Qanın çaları”, “Az vəsait”i buna misal göstərmək olar.

Kurosavadan başqa daha bir poetik təbiətli rejissor Kenzi Mizoquçi dövrün böyük şəxsiyyətlərindən sayılır. Onun “O-Harunun həyatı”, “Yüngül qadın”, “Avqust gecəsində solğun ayın hekayələri”, “Rəhbər Sanşo” filmləri auditoriyanın diqqətini cəlb edib. Eyni sözləri “Tokio əhvalatları” ekran əsərinin müəllifi Yasudziro Odzu haqqında da söyləmək olar.

Baxış sayı: 84168