XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Vidadi Babanlının doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
04/01/2023 23:56

Vidadi Babanlı 5 yanvar 1927-ciildə Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində, müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1944-1949).

Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb. O, Moskvaya M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib, orada aspiranturaya daxil olsa da, səhhətinə görə Bakıya qayıtmalı olub.

"Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olub, əsərinə material toplanıb. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə rəhbərlik edib (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olub.

Vidadi Babanlının ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri, "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub. Nəsr yaradıcılığına "Gəlin" povesti ilə başlayıb (1954-cü ildən). Həmin ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. “Öz evində qonaq” pyesi tamaşaya qoyulub (2003). “Dərd məni dilləndirir” (2003) publisistik əsərlər toplusu, “Mənim gizlinlərim” (2002-2003) avtobioqrafik romanı, “Ana intiqamı” (1995) povesti rəğbətlə qarşılanıb.

Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və digər xarici ölkələrdə səfərdə olub.

Baxış sayı: 728