XƏBƏRLƏR
MƏLUMAT
“Yaxşı sənətkar olmaq üçün sənəti ürəkdən sevməlisən” – Mir Teymur Məmmədov
ÜMÜMİ XƏBƏRLƏR
21/01/2022 00:00

İçərişəhərdə hamının ən çox sevdiyi məkanlar çoxdur. Bu məkanların hamısı özləri də bir xatirənin daşıyıcılarıdır. Ancaq şəhər içində şəhərin ab-havasını özündə cəmləşdirən, onu əbədiləşdirən və hamıya bu personajlar içində özünü görməyə imkan verən bir ocaq mövcuddur. Bu rəssam, keramika ustası, Azərbaycan etnoqrafiyasının gözəl bilicisi və tariximizi sübut etmək üçün dağları aşmağa qadir olan əsl ziyalı, vətənpərvər insan Mir Teymur Məmmədovun Keramika Evidir.

Mir Teymur müəllimlə ilk tanışlığım 1996-cı ildə olub. O zaman sevimli müəllimim, animasiya rejissoru, rəssam və ssenarist Elçin Hami Axundovla birlikdə Mir Teymur müəllimin İçərişəhərdəki emalatxanasına getdim. İçəri ayaq basdığım andan özümü nağıllar aləmində hiss etdim. Burada həm saxsı qablar, müxtəlif növ gildən hazırlanmış çeşidli sənət nümunələri ilə yanaşı Mir Teymur müəllimin rəngkarlıq və qrafika əsərləri də var idi. Hər birinin öz dünyası, öz anlamı, öz rəngləri və öz ismarışı olan bu işlərə baxdıqca baxmaq istəyirsən.

Onunla söhbətimizdə vaxtın necə ötdüyünü də duymursan. Çünki Mir Teymur müəllim əsl ustad kimi sizinlə istənilən mövzuda həmsöhbət olur və qarşısındakı insanı duyaraq, onun maraqlarına uyğun söhbəti meylləndirir. Sanki O yox, sən müsahib olursan. Son nəticə isə aldığın informasiyadan feyziyab olub, bu məlumatları tezliklə vərəqə köçürüb oxucuya çatdırmağa tələsirsən.

Ustad elə ona görə Ustaddır ki, şagirdlərinin həm beyninə, həm də həyat yoluna bir ziya salır. Bəlkə də bu gilin hənirtisindən gəlir, bəlkə də bu ona necə toxunmağından və yanaşmağından təzahür edir, bilmirəm. Ancaq onu bilirəm ki, Mir Teymurun sənət dünyasının işığında yaradıcılığa gələn və ondan bəhrələnənlər bu gün dünyanın dörd bir yanına səpələnib Ustadın məktəbini davam etdirirlər. Bu ocaqdan pərvaz edən rəssamlar qədər, bu məbədə

can atanlar da çoxdur. Ancaq Mir Teymur müəllimin sənətlə bağlı öz şərtləri var, bu şərtlərə əməl edən Ustadın şagirdi olur.

“Keramika sənətinə xüsusi maraq, istək olmalıdır, ürək yanmalıdır. Yaxşı nəticə əldə etmək üçün bu sənəti ürəkdən sevməlisən, öyrənməlisən. Sonralar pulun da olacaq, yaxşı da qazanacaqsan” – sənətə qazanc kimi yox, mənəvi dəyərlərinin aynası kimi yanaşan və zövqünü akademik tədrislə inkişaf etdirmək istəyənlər Mir Teymur məktəbinin şagirdi ola bilirlər. Onun şagirdləri isə tək gillə deyil, ağac, metal, rəssamlığın müxtəlif növlərinin sirlərindən hali olur, milli ornamentlərimizi, kompozisiyaları öyrənir. Qədim türk damğalarının, Qobustan qayaüstü təsvirlərinin mənalarını kəsb edərək, işarə dünyasının, rəmzlərin dilinə vaqif olurlar.

Bu gün 75 yaşını qeyd etdiyimiz Mir Teymur Məmmədov Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, V. Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun "Teatr, musiqi, kino rəssamı" fakültəsini bitirib. 1970-ci illərdən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir.

1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür.

Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb. 2006-cı ildə "Sülhün elçisi" adına və Azərbaycan İncəsənətini xaricdə təbliğinə görə "Simurq" diplomu ilə təltif olunub.

1500-ə yaxın elmi və publisistik məqalələrin müəllifidir. Mir Teymur müəllim həmçinin “Duet” layihəsinin yaradıcısıdır və bu layihə çərçivəsində keçirilən sənət mübadiləsinin özəlliyi həm müxtəlif ölkələrin nümayəndələrinin Azərbaycan adına yaradıcılığa qatılması və bu yaradıcılığın öz ölkəsində bir təbliğatçısına çevrilməsidir.

2007-ci ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü olan Mir Teymur müəllimin karikaturaya yanaşması da fərqlidir.

Çünki onun personajları yalnız qrafik təsvirlə məhdudlaşmır. Biz onları sonradan silsilə keramika nümunəsi kimi görürük. Müəllifin xarakterlərə yanaşmasında sabiranəlik də məhz buradan irəli gəlir və onun incə yumorla istehza arasında teldən nazik bir xəttini sezirik.

Maraqlısı həm də Mir Teymur Məmmədovun əsərlərində ənənə ilə müasirliyin müxtəlif rakurslardan təqdimatıdır. Burada həm texnika, həm üslub, həm də yanaşma gilin imkanlarından düzgün istifadə ilə həmahəngdir. Bütün bunlar sənətkar qəlbinin hənirtisi ilə gilin şəkildən-şəklə düşüb torpaqdan ürəklərə yol tapması ilə nəticələnir.

Mir Teymur müəllimin emalatxanasına getməyi çox sevirəm, xoşbəxtəm ki, onun böyük zəhmət bahasına Şəkidə yaratdığı və yüzlərlə insana həm sənət, həm də iş yeri olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində də oldum və burada çalışan insanların necə böyük həvəslə işlədiklərinə şahidlik etdim.

Ustad Şəkidə olarkən gənclərlə çox sıx ünsiyyətdə olub, onları elə həvəsləndirib ki, şagirdləri Şəkinin mərkəzində klub yaradaraq bura müxtəlif qonaqlar dəvət etməyə başlayıblar. Şəki seminarlarında Mir Teymur müəllimlə yanaşı, Elçin müəllimin, Azərbaycanın yaradıcı insanların seminarları gənclərin böyük marağına səbəb olub.

Bu isə onun həm də insanlarda özünəinamı və yaradıcılıq qabiliyyətini kəşf etməsinə yönələn keyfiyyətlərə aşılamasındadır.

Ustad Mir Teymur Məmmədova möhkəm can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Baxış sayı: 841